Sosial ödənişlər nə qədər artırılacaq? | TƏHLİL
Bundan əlavə, qeyd olunan müddət ərzində müvafiq qanunvericilik tələbindən irəli gələn və hər hansı sosial islahat paketinə daxil olmayan pensiyaların indeksləşdirilməsi (hər il əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması) növbəti ildə təkrar olunacaq.
Bəs 2025-ci ildə artımlar nə qədər olacaq? Minimum əmək haqqı və pensiya məbləğləri, həmçinin təqaüd və sosial müavinətlər nə qədər artırılacaq?
Bunu söyləmək çətindir. Hələlik dəqiq məlum olan budur ki, minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılacaq, yəni, təxminən 16%-dək artırılacaq. Minimum pensiya məbləği ilə bağlı məsələ aydın deyil.
Sosial müavinət və təqaüdlərə gəlincə, ölkə üzrə 2025-ci il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı həddi 285 manat məbləğində müəyyən ediləcək. Cari il üçün hər iki göstərici 270 manat məbləğində təsdiq edilmişdi. Yəni gələn il hər iki rəqəm 5%-dən çox artırılacaq.
Ümumiyyətlə, 2025-də əhalinin həssas təbəqəsinin xərcləri üçün dövlət büdcəsindən 2 milyard 600.2 milyon manat vəsait ayırmaq nəzərdə tutulub ki, buna yașa, əlilliyə, ailə başçısının itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan șəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin maliyyələșdirilməsi üçün 1 milyard 942.9 milyon manat (2024-cü ilə nisbətən 55.4 milyon manat və ya 2.9 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsinə 457.3 milyon manat, "Azərbaycan Respublikası Məșğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nin icrasına uyğun olaraq işsiz şəxslərin məșğulluq imkanlarını artırma məqsədilə haqqı ödənilən ictimai işlərlə bağlı xərclərəsə 200 milyon manat daxildir.
Odur ki, hansı sosial müavinət və təqaüdün necə, nə səviyyədə artırılacağını Prezidentin verəcəyi müvafiq qərarlar bəlli edəcək. Yeri gəlmişkən, ölkədə 17 növ aylıq, 6 növ birdəfəlik sosial müavinət, 14 növ Prezident təqaüdü mövcuddur.
Diqqəti cəlb edən isə əsas odur ki, 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 7 milyard 676,4 milyon manat təşkil edəcək. Bu, 2024-cü il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 10,45% çox deməkdir. Fondun gəlirlərinin 7 milyard 617.4 milyon manatı onun büdcə gəlirləri (13.3% çox), 59 milyon manatısa qurumun 2025-ci il yanvarın 1-nə yaranacaq ehtiyatı (74% az) hesabına formalaşmalıdır.
Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq ki, gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9.5% çox - 5 milyard 997.4 milyon manat olacağı nəzərdə tutulub. Fondun büdcəsini balanslaşdırmaq məqsədilə dövlət büdcəsi öhdəliklərini maliyyələşdirmək üçün ayrılacaq vəsaitsə 29.9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcək.
2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10.45% çox - 7 milyard 676.4 milyon manat təşkil edəcəyi gözlənilir. Xərclərdə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Gələn il bu istiqamətdə xərclərin cari ilə nisbətən 10.5% çox - 7 milyard 408.9 milyon manat olacağı gözlənilir. O cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10.5% artaraq 7 milyard 210.5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9.25% çox - 198.4 milyon manat təşkil edəcək.
Sözün qısası, sosial müavinət və təqaüdlər belə görünür, yaxşı artırılacaq. Maliyyə naziri Samir Şərifovun da qeyd etdiyi kimi, ölkəmizin tarixində xərc baxımından gələnilki səviyyədə büdcə olmayıb. 2021-ci illə müqayisədə 2025-ci il üçün təklif olunan dövlət büdcəsi xərclərinin səviyyəsi 50% artıqdır.
Ölkəmizin 2025-ci il üçün dövlət büdcəsi gəlirləri 38 milyard 316 milyon, xərcləri isə 41 milyard 367 milyon 600 min manat proqnozlaşdırılıb.
Pərviz Heydərov
Azvision.az üçün
Teqlər: Sosial-ödəniş